TOVUZ. 31 mart. TELEQRAF

"Səbail" klubunun futbolçusu Mert Çelik Azərbaycan millisindəki aparıcı oyunçuların son məğlubiyyətlərə görə üzr istəməmələrinə aydınlıq gətirib.

Türkiyə əsilli milliləşdirilmiş müdafiəçi səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra Teleqraf-a bununla bağlı açıqlama verib.

25 yaşlı stopper yığmadakı komanda yoldaşlarının öz məyusluqlarını mətbuat önündə dilə gətirə bilmədiklərini söyləyib.

Onun sözlərinə görə, uduzduqları matçlardan sonra əksəriyyət üzgün olur və danışmaq istəmir: "Onlar bu məğlubiyyətlərin üzüntüsünü çölə vurmasalar da, hamısı çox pis idi. Öz aramızda danışanda da məğlubiyyətlə barışa bilmədiyimizi etiraf edirdik. Ancaq əmin olun ki, hamısı çox pis olmuşdu. Sadəcə, bunu mətbuata dilə gətirib demirdilər. Onlar da danışsaydılar, üzr istəyərdilər".

Qeyd edək ki, axırıncı iki yoldaşlıq görüşündə Azərbaycan millisi martın 22-də Haitiyə 0:3, martın 25-də Belarusa 0:2 hesabı ilə uduzub. Son oyunun ardından Mert Çelik məğlubiyyətə görə üzr istəyib. Lakin aparıcı futbolçulardan heç biri bu addımı atmayıb.