BAKI. 30 mart. TELEQRAF

"Bizi çətin rəqibin gözlədiyini bilirdik”.

Teleqraf xəbər verir ki, bunu "Səbail" komandasının baş məşqçisi Elvin Məmmədov səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

O, qazanılan xalın komandaya xeyir verəcəyini bildirib: “Bu rəqabətdə əsas rəqibimiz “Kəpəz”dir. Bu gün qazandığımız bu xal bizə xeyir verəcək”.

37 yaşlı mütəxəssis oyuna 1 xal üçün çıxmadıqlarını vurğulayıb: “Futbolçuların yerinə danışmaq asan olar. Onlar əziyyət çəkir yorulduqlarını hiss edirlərsə, oyunu bir az gecikdirə bilərlər. Bu, futbolun qanunudur. Bura 3 xal üçün gəlmişdik. Çempionat davam edir, ümidimizi üzməmişik”.

Məmmədov istefaya göndərilən Cavid Hüseynov barədə danışıb: “Keçmiş artıq qalıb keçmişdə. Rəhbərlik sağ olsun, Cavid Hüseynovdan öncə mənə 4 günlük şans vermişdilər. O getdikdən sonra da imkan verdilər. Rəhbərlik çətin durumda olan komandaya gənc məşqçi təyin etdi, onlara təşəkkür edirəm. Əvvəldən mən olsa idim, bəlkə də daha betər olardı. Cavidlə ailəvi dostuq, səmimiyyətimizə şübhə olmasın. Ondan əvvəl də burada idim. Onun baş məşqçilik dönəmində münasibətimiz daha da yaxşılaşdı. Cavid müəllimin “Səbail”dən hansı şəkildə getməyi bizim dostluğumuza zərər gətirməz”.

Baş məşqçi futbolçuların psixoloji durumu üzərində işlədiklərini bildirib: “Cavid Hüseynovun zamanında da komanda aşağı-yuxarı belə oynayırdı. Məqsədimiz onları bu durumdan çıxarmaqdır".