BAKI, 30 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

Teleqraf xəbər verir ki, turun son oyununda "Zirə" "Şamaxı"nı qəbul edib. Zirə İdman Kompleksində keçirilmiş görüşdə "qartallar" böyük hesabla qalib gəlib - 3:0.

FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşmada hesabı 53-cü dəqiqədə Rafael Utziq açıb. 71-ci dəqiqədə Ruan Renato fərqi artırıb. 90+3-də isə Salifu Suma matçda son nöqtəni qoyub. Bu, qvineyalının Premyer Liqadaki 9-cu qolu olub.

"Şamaxı"nın kapitanı Leroy Mikelslə müdafiəçi Vladislav Veremeyev zədələndikləri üçün meydanı vaxtından əvvəl tərk ediblər.

Bu qələbə ilə "Zirə" xallarının sayını 55-ə çatdıraraq, ikinci sıradaki mövqeyini daha da möhkəmləndirib. "Şamaxı" 28 xalla 8-cidir.

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib, “Neftçi” - “Araz-Naxçıvan” və "Kəpəz" - "Səbail" matçlarında 1:1, "Sumqayıt" - "Sabah" görüşündə isə 3:3 hesablı bərabərlik qeydə alınıb.