BAKI. 30 mart. TELEQRAF

"Çox vacib 3 xal qazandıq".

Teleqraf-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin əzmkar olduğundan məlumatlı olduqlarından, qarşılaşmaya çox yaxşı kökləniblər: "Son turlar "Şamaxı" iddialı komandalara uduzmur, onlara qarşı hər zaman yaxşı oyun və nəticələri ilə seçilirdi. Matçın ilk 5-10 dəqiqəlik bölümü bizim üçün çox fəal başladı, daha sonra bir qədər çətinləşdi. Demək olar ki, birinci hissədə istədiyimiz hücumları qura, istədiyimiz üstünlüyü yarada bilmirdik. İlk yarı bizim üçün bir qədər ağır keçdi. Lakin müdafiədə etibarlı idik, rəqibin əks-hücumlarının qarşısını alır, onlara hər hansı qol epizodu vermirdik".

O, fasilədə futbolçularından hücumda daha fəal olmalarını istədiyini diqqətə çatdırıb: "Rəqibin mövqe hücumları, cinahlardan asmalar və standart vəziyyətlərdə çox təhlükəlidir, hər an fərqlənə bilərdilər. İkinci hissədə komandamız xeyli fəallaşdı və fərqlənməyə başladı. İlk 2 qol uğurlu alındı. Bundan sonra oyunun qalan bölümü bizim üçün daha rahat keçdi. Hücumda daha effektiv idik. Bunun nəticəsində 3 qol vurduq".

Sadıqov növbəti turlarda "Qarabağ" və "Neftçi"yə qarşı səfərdə oynayacaqlarını nəzərə alaraq, bugünkü qələbənin çox önəmli olduğunu vurğulayıb: "Qarşıdakı oyunlara köklənəcəyik. Çalışacağıq ki, xal və ya xallarla ayrılaq".

Qeyd edək ki, hazırda "Zirə" 28 oyundan 55 xalla 2-ci pillədə qərarlaşıb. Çempionatın sonuna 8 tur qalmış komandanı lider "Qarabağ"dan 12, 3-cü pillədəki "Araz-Naxçıvan"dan 13 xal ayırır.