BAKI, 31 mart. TELEQRAF

"Milli komandanın toplanışları zamanı futbolçuların fiziki durumu, məşqə və ya oyuna hazır olub-olmamaları ilə bağlı hər gün tibbi heyətdən arayış alıram".

Teleqraf AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis mətbuatda yayılan məlumatları təkzib etməyə çalışıb: "Bu gün mətbuatda yayılan iki yalan məlumatla tanış oldum. Həmin şayiələri rədd edərək, media nümayəndələri və futbol ictimaiyyəti üçün bu məsələlərə aydınlıq gətirirəm. Milli komandanın toplanışları zamanı futbolçuların fiziki durumu, məşqə və ya oyuna hazır olub-olmamaları ilə bağlı hər gün tibbi heyətdən arayış alıram. Belarus yığması ilə matç üçün tibbi rəydə hazır olmadığı göstərilən yeganə oyunçu Şahrudin Məhəmmədəliyev olub. Qapıçımızla aramızda söhbət olub, bundan sonra o, toplanışdan azad edilib və yerinə Əlirza Müştabazadə dəvət olunub. Ümumiyyətlə, məşqçi karyeram ərzində heç vaxt "oynamağa hazır deyil" diaqnozu qoyulan futbolçunu oynatmamışam. Rza Cəfərov sağlamlıq durumu qaydasında olduğu üçün meydana çıxıb və çox yaxşı təsir bağışlayıb".

F.Santuş yığmanın iki aparıcı futbolçusu ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Azərbaycan millisində olduğum müddətdə Elvin Cəfərquliyev və Şahrudin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqlarını nə vaxtsa, rəsmi və ya şifahi olaraq deməmişəm. Bu barədə yayılan məlumat da həqiqəti əks etdirmir və tamamilə yalandır. Əksinə, adlarını sadaladığım futbolçular bilirlər ki, çağırışlar zamanı həmişə onlara arxalanıram. Elvin haqqında yalnız Haiti ilə oyundan sonra mətbuat konfransı zamanı jurnalistin “Futbolçunu cəzalandıracaqsınızmı”, - sualını cavablandırarkən danışmışam. Cavabım isə belə olub: “Səhv etmək insana məxsusdur və buna görə oyunçunu cəzalandırmamalıyıq. Həmişə onlara güvənmişəm və sağlam olduqları müddətdə bunu etməyə davam edəcəyəm".