BAKI, 27 fevral. TELEQRAF

"Kubok oyunu bizim üçün təcrübə idi".

Teleqraf xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Baş məşqçi Cavid Hüseynovun cəzalı olduğu üçün onu əvəzləyən 37 yaşlı mütəxəssis futbolçularına təşəkkür edib: "Kubok oyunu bizim üçün təcrübə idi. Bir neçə oyundur ki, futbolçularda artım var, daha disiplinli oynayırıq, bu da bizi sevindirir. Premyer Liqada növbəti turda "Şamaxı"ya qarşı keçirəcəyimiz oyuna hazırlaşağıq. Göstərdikləri oyuna görə futbolçulara təşəkkür etmək istəyirəm".

Elvin Məmmədov daha sonra komandasının cari mövsüm üçün hədəfi haqda danışıb: "Məqsədimiz Premyer Liqada qalmaqdır. "Şamaxı" ilə matç bizim üçün 6 xallıq final oyunudur. "Səbail" ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik".

Qeyd edək ki, "Səbail" iki oyunun cəmi görə 1:4 hesabı ilə məğlub olaraq Azərbaycan Kuboku ilə vidalaşıb.