"Məni Azərbaycana AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker dəvət edib. Burada 3 beynəlxalq dərəcəli referi var, onları artıq tanıyıram".

Teleqraf xəbər verir ki, bunu Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers deyib.

Niderlandlı sabiq FIFA referisi bildirib ki, beynəlxalq dərəcəli hakimlərin sayını artırmaqdansa keyfiyyətə önəm vermək lazımdır: "Siz 3 FIFA referinizlə - Əliyar Ağayev, Elçin Məsiyev və Kamal Umudlu ilə qürur duymalısınız. Çünki Ağayev və Məsiyev birinci kateqoriyadadırlar. Umudlu isə 29 yaşının olmasına baxmayaraq, beynəlxalq dərəcəyə malikdir. Bu yolda inkişafınızı davam etdirin. Hazırda UEFA-da bir yer də var ki, siz ondan ötrü müraciət edə və hakimlərinizin səviyyəsini artıra bilərsiniz. Hakimlərin sayının artması üçün UEFA təşviqat proqramı da başlayıb ki, Azərbaycan burada iştirak edə bilər".

O, azərbaycanlı hakimlərin UEFA Çempionlar Liqasının final oyunlarına da təyinat alması üçün çox çalışmağın gərəkliyini vurğulayıb: "Əzmkarcasına çalışmalı və gündən-günə səviyyənizi artırmalısınız. Məsələn, Əliyar Ağayevin özü 4 UEFA Çempionlar Liqası oyununu idarə edib, bunun özü də bir nailiyyətdir. İnkişaf etmək üçün bu yolda əzmkarcasına davam etmək lazımdır".

Kuypersin sözlərinə görə, gənclər arasında hakim olmağa maraq təkcə Azərbaycanda itməyib: "Düşünürəm ki, bu problem başqa ölkələrdə də var. Bizim işimiz çox mürəkkəb və məsuliyyətdidir. Cavanlardan həm oğlanlar, həm də qızları bu işə dəvət edərək həvəsləndirməliyik. Onlara təkan verməliyik ki, bu məcrada işlərinə davam etsinlər".

Keçmiş referi son olaraq, Bakıda keçirilən tədbirin təşkilindən razı olduğunu vurğulayıb: "Artıq iki gündür Azərbaycandayam, lakin xalqınızın istiqanlı və mehriban olmasını görmək mənə bəs etdi. Tədbiri fantastik və yüksək səviyyədə təşkil etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Bakı və Azərbaycan haqqında yüksək təəssüratlarım var. Xalqınız dostcanlı, qonaqpərvərdir".