BAKI, 27 fevral. TELEQRAF

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i qəbul edib.

Teleqraf xəbər verir ki, Cavid Cəlilovun idarəetdiyi matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada "Qarabağ"dan qolları Musa Qurbanlı, Nəriman Axundzadə vurub, bir qolu isə rəqibin müdafiəçisi Emin Rüstəmov öz qapısına göndərib. "Dənizçilər"in yeganə qolununun müəllifi Rüfət Abdullazadə olub.

İki oyunun cəmində 4:1 hesabı ilə öndə olan "köhlən atlar" növbəti mərhələyə yüksəlib.

"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 1/4 final mərhələsinin daha bir oyunu 19:30-da "Sumqayıt" - "Sabah" arasında keçiriləcək. Mərhələyə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.