BAKI, 28 fevral. TELEQRAF
bp Füzuli haqqında iki cildlik kitab təqdim edib. Kitab dahi şairin 530 illik yubileyinə şirkətin töhfəsidir.
Bu barədə Teleqraf-a “BP Azerbaijan”dan məlumat verilib.
1140 səhifəlik bu nəşrə Füzuli haqqında və ya ona həsr olunmuş 220-dən çox ədəbi əsər - 186 şeir, 7 poema, 13 pyes, 13 hekayə, 2 roman, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli və beynəlxalq rəssam tərəfindən yaradılmış 226 portret və rəsm əsəri daxil edilib.
Layihənin dəyəri təxminən 71000 AZN-dir (41700 ABŞ dolları) və əsasən məzmunun toplanması və çap xərclərini əhatə edir.
Layihənin icraçısı Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”dir.
Kitab Azərbaycanın aparıcı kitabxanalarına, müvafiq akademik və tədqiqat institutlarına, eləcə də universitetlərə bp-nin hədiyyəsidir.