BAKI, 28 fevral. TELEQRAF

2024-cü ilin IV rübündə biznes, ipoteka və istehlak portfellərinin hər biri üzrə bankların kreditləşmə siyasətində sərtləşmə, tələbdə isə artım müşahidə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın apardığı sorğunun nəticələrində qeyd edilib.

Mərkəzi Bankın apardığı sorğuya əsasən, banklar bu ilin I rübündə biznes, istehlak və ipoteka kreditləri üzrə kredit standartlarında, həmçinin biznes və istehlak kreditləri üzrə tələbdə dəyişiklik etməyəcək: “Bununla belə, respondentlər ipoteka kreditləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitlərində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər”.

Mərkəzi Bank bu cür sorğuları 2022-ci ilin I rübündən həyata keçirir.