BAKI, 28 fevral. TELEQRAF

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasındakı dostluq dövrü uzun sürməyəcək.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın ABŞ və Rusiyadakı keçmiş səfiri Vladimir Yelçenko deyib.

“Bu, mütləq baş verəcək, çünki mən rus diplomatiyası və Rusiya isteblişmentinin necə işlədiyini bilirəm. Putin-Tramp dostluğu bu “bal ayı”ndan salamat çıxmayacaq. Mütləq Trampı hardasa çərçivəyə salmağa çalışacaqlar. Ya Səudiyyə Ərəbistanında ona dediklərinin hamısından imtina edəcəklər, ya da Rusiya ilə ABŞ arasında bağlanacaq razılaşmaları pozmağa başlayacaqlar. Sonra biz tam fərqli, qəzəbli, kinli Tramp görəcəyik”, - diplomat qeyd edib.

Yelçenkonun fikrincə, ABŞ-nin xarici siyasətindəki kəskin dəyişiklik - Rusiyanın təcavüzkar kimi tanınmaması, Avropanın açıq tənqidi və sair böyük strateji-diplomatik oyun ola bilər: “Tramp bütün prosesləri təhlil etməyi bacarır. Mənə elə gəlir ki, bir müddət, bəlkə bir neçə həftə sonra tamamilə fərqli Donald Tramp görəcəyik”.

Sabiq səfir vaxtilə Trampla bir neçə dəfə görüşdüyünü və müxtəlif mövzularda söhbətlər etdiyini də açıqlayıb.

Yelçenko əlavə edib ki, Tramp indi ancaq Ukraynadan danışanda ifrata varır, Rusiya və Putin haqqında isə ancaq müsbət danışır:

“Putinin məxfi xidmətin (KQB) şagirdi kimi insanları necə işə cəlb etmək, onların ruhuna necə girmək təcrübəsi var. Düşünürəm ki, bundan istifadə edərək, Trampın ürəyinə yol tapa bilib”.