BAKI, 27 fevral. TELEQRAF
"Azarkeşlər üçün maraqsız oyun olmadı".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
53 yaşlı mütəxəssis rəqibin onlar üçün problemlər yaratdığını bildirib: "Yarımfinala vəsiqə qazandıqları üçün futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, hava soyuq idi, meydanda ciddi oldular. Rəqib heyətində bəzi dəyişikliklər etsə də, bizim üçün xeyli problem yaşatdılar. Azarkeşlər üçün maraqsız oyun olmadı, xeyli qol oldu, bəziləri sayılmadı. Artıq qarşıdaki oyunlara hazırlaşacağıq".
O, üçüncü qolda VAR-ın gec qərar verməsi haqda fikrini açıqlayıb: "Yəqin elə epizod idi ki, çox incələmək lazım oldu. Sizə də soyuq oldu? Mənə də soyuq oldu (gülür).
Qurban Qurbanov Azərbaycan çempionatında topun oyunda qalma müddətinin aşağı olduğunu deyib: "Əvvəl dediyim kimi, yenə də avrokuboklarla müqayisədə bizdə bu müddət aşağıdır. Müqayisə etsək, topun meydanda qalma müddəti arasında 8-10 dəqiqəlik fərq var".