
BAKI, 28 fevral. TELEQRAF
Beynəlxalq Muğam Mərkəzində Bp Azərbaycan tərəfindən nəşr edilən "Məhəmməd Füzuli-şeirlər, poemalar, pyeslər" və "Məhəmməd Füzuli-hekayələr və romanlar" kitablarının təqdimat mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış ediblər.
Bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bildirib ki, poeziya nəhəngi Füzuliyə aid əsərlərin hərtərəfli və əhatəli toplusu olan bu nəfis nəşri təqdim etməkdən çox məmnunuq: "Füzulinin poeziyası emosional dərinliyi və ifadə gücü ilə nəsilləri heyran etmiş və onlara təsir göstərmişdir. Bu gün də onun şeirləri ruhumuza toxunaraq poetik ifadənin misilsiz gücü və qüdrəti, mistik metaforalar və simvollardan istifadə bacarığı ilə bizi heyrətləndirir. Füzulinin əsərləri təkcə mükəmməl ədəbiyyat nümunələri deyil, eyni zamanda insan ruhunun və onun fəlsəfi və emosional mürəkkəbliyinin dərinliklərinə nüfuzun təcəssümüdür.
Ölməz şairin yubiley tədbirlərinə bu kiçik töhfəni verməkdən həqiqətən qürur duyuruq və inanırıq ki, bu nəşr Füzulinin dünya poeziyasında müstəsna mövqeyini vurğulayan, onun parlaq poetik dühasını daha geniş tanıdan dəyərli bir mənbə olacaq. Ədəbiyyat və incəsənət var olduqca, Füzuli irsi daim ehtiramla oxunacaq və araşdırılacaq.”
900 səhifəlik bu kitab Füzuli haqqında və ya ona həsr olunmuş 220-dən çox ədəbi əsəri, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli və beynəlxalq rəssam tərəfindən yaradılmış təxminən 230 portret və rəsm əsərini özündə birləşdirir.
Füzuli haqqında iki cildlik kitab dahi şairin 530 illik yubileyinə bp-nin töhfəsidir.