
BAKI, 28 fevral. TELEQRAF
Tailand hökuməti 11 ildir ölkədə həbsdə olan və bu dövlətə sığınmış 40 uyğuru deportasiya edərək Çinə göndərib.
Teleqraf xəbər verir ki, ölkənin Baş naziri Paetonqtarn Çinavatra Tailandın “beynəlxalq hüquq və prosedurlara uyğun hərəkət” etdiyini iddia edib.
ABŞ Dövlət katibi Marko Rubio və BMT Tailand hökumətinin addımını pisləyib.
“Tailand bir qrup uyğuru zorla Çinə qaytarıb. Uzun müddətdir müttəfiqimiz olan Tailandın beynəlxalq öhdəliklərimizə zidd olan bu davranışından narahatıq. Birləşmiş Ştatlar bu hərəkəti pisləyir. Uyğurların hüquqlarını müdafiə etməyə çağırırıq”, - dövlət katibi deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da uyğurların zorla Tailanddan deportasiya edilməsini qınayıb.
Xatırladaq ki, uzun illərdir uyğurların Çində təzyiq, dini-etnik ayrı-seçkilik və repressiyalara məruz qalmaları qlobal gündəm mövzusudur. Beynəlxalq təşkilatlar dəfələrlə buna görə Çinə etiraz ediblər.