
BAKI, 28 fevral, TELEQRAF
Tanınmış filosof-kulturoloq Niyazi Mehdi bu gün Maştağa qəsəbəsinin Seyidlər qəbiristanlığında dəfn edilib.
Teleqraf xəbər verir ki, dəfn mərasimdə mərhumun ailə üzvləri, qohumları, dostları iştirak edib.
Niyazi Mehdinin üç mərasimi martın 2-də Təzəpir məscidində olacaq.
***
13:45
Bu gün tanınmış filosof-kulturoloq Niyazi Mehdi ilə Əjdərbəy məscidində (Göy məscid) vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri və dostları iştirak edir.
O, Maştağa qəsəbəsinin Seyidlər qəbiristanlığında dəfn ediləcək.
Niyazi Mehdinin üç mərasimi martın 2-də Təzə Pir məscidində olacaq.
N.Mehdi Mərkəzi Gömrük Xəstəxanasında açıq ürək əməliyyatı keçirib və reanimasiya şöbəsinə köçürülüb. Daha sonra vəziyyəti pisləşib və fevralın 27-dən 28-nə keçən gecə vəfat edib.
Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən N.Mehdi bir müddət öncə Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olunmuşdu. O, fevralın 6-da evə buraxılmışdı.
Filosof, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi N.Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub.
O, ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edib. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Dövri mətbuatda müntəzəm çıxış edir. N.Mehdi Teleqraf İnformasiya Agentliyi ilə də uzun müddət əməkdaşlıq edib.