
BAKI, 27 fevral. TELEQRAF
Bakıda UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypersin seminarı keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdən sonra AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker jurnalistlərin suallarını cavablandırıb.
- Seminarın Azərbaycan hakimlərinə xeyri nə olacaq?
- Bu seminarların xeyri və töhfəsi ondan ibarətdir ki, beynəlxalq mütəxəssislər burada iştirak edəcəklər. Məsələn, cənab Kuypers kimi mütəxəssislər öz təcrübələrini azərbaycanlı hakimlərlə bölüşəcəklər. 8 ay bundan qabaq buraya gəldikdə, UEFA qaydalarını tətbiq etməli olduğumuzu bildirmişdim. Bunları seminarlarla yerli mütəxəssislərə aşılamağa çalışacağıq.
- Boş olan 4-cü FİFA referisi yeri üçün nə zaman müraciət etməyi düşünürsünüz?
- Biz kəmiyyətə deyil, keyfiyyətə önəm veririk. Məncə, Elçin Məsiyev daha üstün kateqoriyanı əldə edə bilər. Bununla bağlı AFFA, UEFA və FIFA ilə danışıqlar aparacağam. Bizdən daha çox hakimin FİFA kateqoriyası qazanmasına çalışacağam.
- VAR sistemi gəldikdən sonra klublar hakimlərə güvənməməyə başlayıblar və bunsuz oynamamaq istəyirlər. Bunun səbəbi nədir?
- VAR sistemi ilə hakimin qərarı arasında balansı qorumaq çox önəmlidir. Qərarvermədə komanda kimi iştirak edib düzgün qərarlar verməliyik
- Tural Qurbanov və Asiman Əzizli UEFA-nın kurslarında iştirak edəcək. Yəni, FİFA dərəcəsi almağa namizədlər onlardır?
- Onlar öz bilik və bacarıqlarını artıracaqlar. İsveçdə keçirilən UEFA kurslarında dərin biliklər əldə edəcəklər. Ümidvaram ki, bu təcrübəni Azərbaycanda da bölüşərək, futbol səviyyəmizin artmasına töhfə verəcəklər.
- Elit hakimlərimizin sayı 17-dir. Amma mütəmadı təyinatı yalnız 10-u alır. Digərləri niyə təyinat almır?
- 17 hakimdən 12-si istifadə olunur. Yalnız 5 nəfər hələ də öyrənir, təlimlərdən keçirlər. Biik və bacarıqlarını təkmilləşdirdikdən sonra onları da oyunlara cəlb edəcəyik.
- Aşağı liqadan I dərəcəli hakimlərin elit hakim səviyyəsinə yüksəlməsi gözlənilirmi?
- Əlbəttə ki, biz o hakimləri də izləyir, özümüz üçün seçirik. Onları da yuxarı liqalara qaldıracağıq. Bunun üçün zaman lazımdır ki, inkişaf etsinlər. Addım-addım onları yuxarı liqalara qaldırmağa çalışacağıq".