.jpg)
BAKI, 27 fevral. TELEQRAF
AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers bu gün hakimlərimizə seminar keçib.
Teleqraf xəbər verir ki, açılış mərasimində AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker tədbir iştirakçılarını salamlayıb. Daha sonra çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanda hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib. S. Hacıyev bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladıb. O, əlavə edib ki, mərhum hakimin parlaq karyerası gənclərə nümunə olmalıdır.
Byorn Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub. AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərimizə seminar keçmək üçün Bakıya gələn Byorn Kuypersə təşəkkürlərini bildiriblər.
Niderlandlı qonağa onun təvəllüdünü əks etdirən milli komandamızın 73 nömrəli forması hədiyyə olunub.
Tədbirdən sonra media nümayəndələri üçün brifinq təşkil edilib.
Qeyd edək ki, Byorn Kuypers, eyni zamanda UEFA Talant və Mentor Proqramının rəhbəri və hakim-inspektordur.