BAKI, 9 sentyabr. TELEQRAF
Kuba bir daha heç bir imperiyanın müstəmləkəsinə çevrilməyəcək.
Teleqraf xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel “X” sosial şəbəkəsində bildirib.
“İki imperiyanın müstəmləkəsi və neokoloniyası olmağın nə demək olduğunu yaxşı bilən Kuba əmindir ki, bir daha onların heç birinin müstəmləkəsi olmayacaq”, – Dias-Kanel qeyd edib.
Kuba lideri ölkəsinin suverenliyini sona qədər müdafiə edəcəyini vurğulayıb.
“Müstəqillik, suverenlik və öz müqəddəratını təyinetmə hüququ uğrunda tökülən qan əbəs yerə tökülməyib. Biz sona qədər özümüzü müdafiə edəcəyik”, – Prezident bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 7-də “Truth Social” hesabında Kanada, Meksika, Kuba, Mərkəzi Amerika və Karib hövzəsinin bir sıra ölkələrinin, eləcə də Qrenlandiyanın ABŞ bayrağının rənglərində göstərildiyi xəritə paylaşıb. Tramp həmin görüntüyə hər hansı şərh əlavə etməyib.