BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Almaniya sakinlərinin ölkə hakimiyyətinin miqrasiya siyasətinə daha dözməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Almaniya üçün Alternativ (AfD) partiyasının regional seçkilərdə qələbəsini şərh edərkən “Truth Social” hesabında yazıb.

“Almaniyada populist partiya çox uğurlu bir gecə keçirdi. İnsanlar nəhayət Almaniyaya böyük ziyan vuran dəhşətli immiqrasiya qaydalarından beziblər. Onlar ayağa qalxırlar və artıq buna dözməyəcəklər”, – Tramp bildirib.

ABŞ Prezidenti həmçinin 2016-cı il seçki kampaniyasındakı “Amerikanı yenidən böyük edək” şüarına bənzər şəkildə Almaniyanı da “yenidən böyük olmağa” çağırıb.

Qeyd edək ki, sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində AfD ilkin rəsmi nəticələrə əsasən, 43,8 faiz səs toplayaraq qalib gəlib. Bu, partiyanın Almaniya regionlarında indiyədək əldə etdiyi ən yüksək nəticədir.

AfD miqrasiya siyasətinin sərtləşdirilməsini, Ukraynaya hərbi yardımın dayandırılmasını və Rusiyaya qarşı sanksiyaların ləğvini müdafiə edir.