BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarının illik həcmi 50 milyard dollardan çox olan dövlət satınalmalarından çıxarılması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social” hesabında məlumat yayıb.

Tramp bildirib ki, Kanada hakimiyyəti, o cümlədən ölkənin əyalətləri ABŞ-nin kiçik biznes və şirkətlərinin dövlət satınalmaları bazarına çıxışını məhdudlaşdırıb. Onun sözlərinə görə, Vaşinqton buna cavab tədbirləri görəcək.

“Bundan sonra qarşılıqlılıq yoxdursa, çıxış da yoxdur”, - Tramp vurğulayıb.

ABŞ lideri Ümumi Xidmətlər Administrasiyasına (GSA) və ABŞ Ticarət Nümayəndəliyinə Kanada Amerika fermerləri və şirkətlərinə münasibətdə qarşılıqlılıq və ədalət prinsipini tam təmin edənədək Kanada mənşəli məhsulların dövlət satınalmalarından çıxarılması üçün bütün zəruri tədbirləri görməyi tapşırıb.

Tramp məhdudiyyətlərin konkret hansı Kanada məhsullarına şamil ediləcəyini açıqlamayıb. Onun sözlərinə görə, söhbət ildə 50 milyard dollardan çox dövlət satınalmasından gedir.

Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət münasibətləri son aylarda kəskinləşib. Kanada Baş naziri Mark Karni iki ölkə arasında “ticarət müharibəsi”nin başladığını bəyan edib.