BAKI, 9 sentyabr. TELEQRAF

“Volkswagen”in ən böyük səhmdarı olan “Porsche Automobil Holding SE” ABŞ-nin aerokosmik şirkəti “Stoke Space Technologies”ə on milyonlarla dollar sərmayə yatırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Porsche SE” açıqlama yayıb.

Bildirilib ki, investisiya “Stoke Space”in ümumilikdə təxminən 1 milyard dollar cəlb etdiyi “E seriyası” maliyyələşdirmə raundu çərçivəsində həyata keçirilib.

“Stoke Space” hər iki pilləsinin tam təkrar istifadəsi nəzərdə tutulan ikipilləli daşıyıcı raket hazırlayır. Şirkətin məlumatına görə, hazırda belə texnologiyanı praktikada yalnız “SpaceX” tətbiq edir.

“Porsche SE” qeyd edib ki, tam təkrar istifadə imkanı və aktiv şəkildə soyudulan metal istilik qoruyucu ekranına malik ikinci pillənin unikal konstruksiyası raketlərin daha tez-tez buraxılmasına, gələcəkdə isə ənənəvi raketlərlə müqayisədə buraxılış xərclərinin əhəmiyyətli dərəcədə azalmasına imkan verə bilər.

“Nova” raketinin ilk buraxılışının 2027-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır. Cəlb olunan vəsait “Nova V2” də daxil olmaqla yeni raketlərin hazırlanmasına, gələcək buraxılışlara, həmçinin istehsal və sınaq imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Maliyyələşdirmə raunduna “Point72 Ventures” və “Spark Capital” rəhbərlik edib. “Glade Brook Capital”, ABŞ İnnovativ Texnologiyalar Fondu (USIT) və “Incharge Capital Partners” də sərmayəçilər sırasında yer alıb.