BAKI, 9 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin İran gəmilərinə zərbələrindən sonra Küveyt və Bəhreyn limanları yaxınlığındakı tanker ekipajlarına xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
Bəyanatda Küveyt və Bəhreyn limanları ərazisində olan tankerlərin ekipajlarından gəmiləri dərhal tərk etmələri tələb olunub.
“ABŞ ordusunun bir neçə İran tankerini hədəfə alan hücumu ilə əlaqədar Küveyt və Bəhreyn limanları ərazisindəki bütün tanker ekipajlarına xəbərdarlıq edirik: istər lövbərdə, istərsə də körpülərdə olan gəmilərinizi dərhal tərk edin, çünki onlar hücuma məruz qalacaq”, – bəyanatda bildirilib.
Bundan əvvəl “Tasnim” agentliyi ABŞ Silahlı Qüvvələrinin Xark adası yaxınlığında lövbərdə olan İran neft tankerinə hücum etdiyini açıqlayıb.