BAKI, 9 sentyabr. TELEQRAF

“İqlim dəyişikliyi xüsusilə ən az inkişaf etmiş və böhranlardan təsirlənən ölkələrdə həssas icmalara, ərzaq və su təhlükəsizliyinə, sosial sabitliyə və inkişaf proseslərinə ciddi təzyiq yaradır”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi"nin dördüncü günündə keçirilən panel sessiyadakı çıxışında deyib.

O vurğulayıb ki, əsas məqsəd həssas və kövrək ölkələrə milli prioritetlər əsasında pilot layihələr hazırlamaqda, institusional potensialı gücləndirməkdə və layihələrin maliyyələşdirilməsinə hazırlıq prosesində dəstək göstərməkdir:

“Dünya Bankının məlumatlarına görə, inkişaf etməkdə olan iqtisadiyyatlarda özəl sektor iş yerlərinin 90 faizini, investisiyaların 75 faizini və iqtisadi istehsalın 70 faizindən çoxunu təmin edir. Bu səbəbdən özəl sektorun rolu fundamental əhəmiyyət daşıyır. Bir çox bərpa olunan enerji və elektrikləşdirmə texnologiyaları artıq kommersiya baxımından əlverişli və rəqabətqabiliyyətlidir.

Növbəti mərhələdə dövlət, özəl və birləşdirilmiş maliyyə mənbələrinin səfərbər edilməsi, pilot layihələrin investisiya cəlbediciliyi olan layihələrə çevrilməsi hədəflənir. Azərbaycan iqlim və sülh gündəliyini irəli aparmağa və COP29-da formalaşan həmrəylik ruhunu qorumağa sadiqdir”, - qeyd edib.