BAKI, 9 sentyabr. TELEQRAF

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında yaxın vaxtlarda görüş keçirilməsi barədə razılaşma əldə olunub.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat katibi Ani Badalyan Ceyhun Bayramovun yaxın zamanda Ararat Mirzoyanla görüşəcəyinə dair açıqlamasını şərh edərkən bildirib.

“İşlər davamlı şəkildə aparılır, qarşıdakı görüşlə bağlı razılaşma var. Məlumat verəcəyik”, - Ani Badalyan qeyd edib.

Azərbaycan mediasına açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov yaxın vaxtlarda ermənistanlı həmkarı ilə görüşəcəyini açıqlamışdı. Nazir vurğulamışdı ki, Mirzoyanla sonuncu dəfə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində fikir mübadiləsi aparmaq imkanı olub.