BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb.
Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, dövlət rəsmiləri, o cümlədən Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Dövlət Rus Dram Teatrının direkoru Oleq Əmirbəyov ştirak ediblər.
Qeyd edək ki, Xalq artisti İkinci Fəxri xiyabanda dəfn ediləcək.
***
15:07
"O, teatrda 50-dən çox rol ifa edib".
Teleqraf xəbər verir ki, bunu Xalq artisti, Teatr Xadimləri İttifaqını sədri Hacı İsmayılov Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimində çıxışı zamanı deyib.
"Aleksandr Şarovski ilə tanışlığımız 1980-ci ildə “Ani dönüş” filmində olub. O, Feliks rolunu canlandırırdı. Tanışlığımızdan sonra bir müddət keçdikdən sonra onunla tez-tez görüşməyə başladıq. Hər zaman teatr sənəti, tamaşalar və teatr haqqında söhbətlər edirdik.
Hələ də inana bilmirəm ki, artıq aramızda yoxdur. Aleksandr Şarovski xalqlar arasında dostluğun möhkəmlənməsinə böyük töhfələr verən insanlardan idi", - H.İsmayılov əlavə edib.
***
14:52
"Teatrımız və kollektivimiz üçün çox kədərli bir gündür".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Oleq Əmirbəyov Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimində çıxışı zamanı deyib.
"Aleksandr Şarovski ömrünün 60 ilə yaxınını teatr sənətinə həsr edib. Teatrımızın çox mühüm bir mərhələsi məhz onun adı ilə bağlıdır", - deyə O.Əmirbəyov əlavə edib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Aleksandr Şarovski sənətkar və ictimai xadim kimi hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub, onun fəaliyyəti yüksək qiymətləndirilib.
"Birinci vitse-prezident Mehriban Əliyeva onun fəaliyyətinə hər zaman yüksək qiymət verib, ictimai fəaliyyətini dəstəkləyib. Aleksandr Şarovski multikultural dəyərlərin inkişafında böyük xidmətlər göstərib.
Cəmiyyətimiz və xalqımız Aleksandr Şarovskini yaratdığı teatr məktəbi ilə, istedadı və Azərbaycan teatr sənətinə verdiyi töhfələrlə hər zaman böyük ehtiram və minnətdarlıqla xatırlayacaq", - deyə A. Kərimli əlavə edib.
***
14:48
"Hər zaman nəvəmlə Aleksandr Şarovskinin tamaşalarına gəlirdik. Ailəlikcə çox yaxın idik".
Teleqraf xəbər verir ki, bunu Xalq yazıçısı Aleksandr Şarovskinin vida mərasimində Elmira Axundova jurnalistlərə açıqlamasında deyib.
"Bir neçə məqaləmdə onun haqqında yazmışam. O istəyirdi ki, insanlar teatra gələndə ruhlansınlar və teatrdan xoş əhval-ruhiyyə ilə getsinlər.
Xəstələnmişdi, səhhətində problemlər var idi, amma bir dəfə də şikayət etmədi. Əsl kişi idi. Bakını öz ürəyi kimi sevirdi. Ona deyirdilər ki, müalicə üçün İsrailə getsin. Deyirdi: “Yox, mən Bakısız qala bilmərəm". Allah rəhmət eləsin", - E.Axundova əlavə edib.
***
14:25
Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, incəsənət xadimləri və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edir.
Aleksandr Şarovski İkinci Fəxri xiyabanda dəfn olunacaq.