BAKI, 8 sentyabr. TELEQRAF
Moskva ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyini, xüsusən də mövcud reallıqların qəbul edilməsinə dair yanaşmasını dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Böyük Oyun" proqramına verdiyi müsahibədə bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya son səfərini şərh edən Lavrov qeyd edib ki, danışıqların məzmunu Rusiya və Amerika tərəfi artıq açıqlayıb.
Nazirin sözlərinə görə, Trampın münaqişənin həllinə dair mövqeyində əsas vacib elementi Ukraynanın NATO-ya qoşulması ideyasının rədd edilməsidir.
“Tramp Ukraynanı Şimali Atlantika Alyansına daxil etmək cəhdlərini belə unutmağa çağırıb. İkinci element Vaşinqtonun mövcud reallıqları tanımasıdır. Moskva bunu yalnız ərazi məsələsi kimi başa düşmür. Reallıqlardan danışanda insanlardan danışırıq", - deyə o bildirib.
Lavrov Ukrayna hakimiyyətini 2014-cü ilin fevral hadisələrindən sonra Donbas sakinlərinə qarşı ayrı-seçkilik və hərbi təqiblərdə günahlandırıb.
Lavrovun sözlərinə görə, Moskva hesab edir ki, Krım, Donetsk və Luqansk, eləcə də Zaporojye və Xerson vilayətləri sakinləri referendumlar zamanı öz fikirlərini bildiriblər.
"ABŞ Prezidenti Tramp və komandasının tanıdığı və tanımağa davam etdiyi reallıqlar xalqla, onların referendumlarda ifadə olunan mövqeləri ilə bağlıdır. Amerika tərəfinin bu halları nəzərə almaq istəyi dialoqun davam etdirilməsi üçün zəmin yaradır", - deyə Rusiya xarici işlər naziri bildirib.