BAKI, 9 sentyabr. TELEQRAF
Argentina hakimiyyəti mübahisəli Malvin (Folklend) adaları yaxınlığında neft yataqlarının kəşfiyyatı və işlənməsində iştirak edən daha 15 şəxs və quruma qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin administrasiyası məlumat yayıb.
Bildirilib ki, sanksiyalar ölkə qanunvericiliyində nəzərdə tutulan qadağaları pozmaqda şübhəli bilinən 15 yeni subyektə şamil ediləcək. Məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin və şirkətlərin adları açıqlanmayıb.
Argentina hökuməti sentyabrın 4-də də Malvin adaları yaxınlığında neft yataqlarının işlənməsində iştirak etdiklərinə görə 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq etmək qərarına gəlmişdi.
Bundan əvvəl Xavyer Miley adalar ətrafında neft hasil edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsi üçün parlamentə qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Qərara Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətlərinin bölgədə neft layihəsinə başlamağa hazırlaşması səbəb olub.
Qeyd edək ki, Malvin (Folklend) adaları təxminən 200 ildir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir.