BAKI, 23 iyun. TELEQRAF

“Ruslar Macarıstanda, Rumıniyada, Moldovada, Azərbaycanda, Ermənistanda uduzdular, Ukraynada da məğlub olurlar. Gürcüstana da yalnız bir şey qalır - bu qlobal məntiqə qoşulmaq. Bəs bu müddətdə biz nə ilə məşğul olmuşuq?”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Ukrayna işğal altındakı Krımı tam enerji təcridinə salıb. Bir neçə gün əvvəl isə Moskvanın neft emalı zavodunun damının havaya sovrulduğunu gördük. Eynilə İvanişvili də dam kimi Gürcüstanın üstünü örtüb. Onun Sololakidəki sarayı təkcə Tbilisinin üzərini örtmür, həm də onun rejimi “banka qapağı” kimi Gürcüstanı havasız qoyur, bütün dünyaya kif qoxusu yayır. Bu “damın” qaldırılması üçün ölkənin daxilində daimi qaynama, enerjinin düzgün istiqamətləndirilməsi lazımdır. Bu, yalnız müxalifətin deyil, bütün cəmiyyətin vəzifəsidir”, - sabiq prezident əlavə edib.

Mixeil Saakaşvili Gürcüstanın hələlik belə bir prosesdən uzaq olduğunu vurğulayıb.