BAKI, 10 noyabr. TELEQRAF
ABŞ-ın “Anthropic” şirkəti “Claude” süni intellekt çat-botundan istifadə qaydalarını pozan istifadəçilərdən 2026-cı ilin ilk doqquz ayında 2,3 milyard dollara qədər gəlir əldə etmiş ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” qəzeti şirkətin birjaya çıxış üçün hazırladığı sənədlərə istinadla məlumat yayıb.
Nəşrin hesablamalarına görə, qaydaları pozan istifadəçilər yanvar-sentyabr aylarında şirkətə 1,66-2,33 milyard dollar gəlir gətiriblər. Bu isə “Anthropic”in həmin dövrdəki ümumi gəlirinin 5-7 faizinə bərabərdir.
Qayda pozuntuları arasında “Claude” çat-botuna giriş imkanının icazəsiz yenidən satılması, eləcə də xidmətin rəsmi olaraq əlçatan olmadığı ölkələrdə, o cümlədən Rusiyada istifadəsi yer alır.
“Anthropic”in izahına görə, qaydaları pozan istifadəçilərin müəyyənləşdirilməsi və hesablarının bloklanması müəyyən vaxt tələb edir. Bu müddət ərzində şirkət həmin istifadəçilərdən ödəniş almağa davam edir.
Məlumata əsasən, şirkət avqust və sentyabr aylarında istifadəçi yoxlamalarını sərtləşdirib. Oktyabrda isə Rusiyaya məxsus hesabların kütləvi bloklanması qeydə alınıb.