BAKI, 18 iyun. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyanın son məhdudiyyətlərindən sonra İrəvanı dəstəkləmək üçün addımlarını sürətləndirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” Aİ mənbələrinə istinadla məlumat yayıb.
Görüşlərdə iştirak edən avropalı diplomatlardan biri deyib: “Rusiyanın hibrid və iqtisadi hücumlarına qarşı mübarizə üçün müsbət və vacib görüş oldu”.
Aİ Ermənistana güzəştli şərtlər – “Muxtar Ticarət Tədbirləri” (MTT) təklif etmək niyyətindədir. Bu şərtlər çərçivəsində müəyyən Ermənistan məhsulları Avropa bazarına gömrük rüsumları və kvotalar olmadan daxil ola bilər. Mirzoyan Lüksemburqda olarkən Avropa Komissiyası bu öhdəliyi bir daha təsdiqləyib. Məhsulların siyahısının yaxın həftələrdə açıqlanması gözlənilir.
Baş nazir Nikol Paşinyan da bu gün jurnalistlərlə keçirdiyi brifinqdə bildirib: “Əlbəttə, Aİ-dəki tərəfdaşlarımıza bu qədər tez reaksiya verdiklərinə, o cümlədən maliyyə yardımı göstərdiklərinə görə minnətdaram”.
Paşinyan vurğulayıb ki, artıq böyük və uzunmüddətli partiyaların ixracı üçün müqavilələr mövcuddur: “Hər gün iş gedir, hər gün tədbirlər görülür. İxrac etdiyimiz ölkələrin sayı artıq onlarladır. Üstəlik, əvvəllər əksəriyyətinə sıfır ixracımız vardı. İndi təkcə partiyalar deyil, həm də böyük və uzunmüddətli partiyalar üçün müqavilələrimiz var”.
Aİ rəsmisi isə qeyd edib ki, Mirzoyanın səfəri Aİ ilə Ermənistan arasında dərinləşən münasibətlər təsdiqlənib: “Xarici işlər naziri Mirzoyan həmçinin Ermənistanın enerji sektorunu şaxələndirmək istəyini və Aİ-nin bu istiqamətdə addımlar atmasının vacibliyini vurğulayıb”.