BAKI, 19 may. TELEQRAF

“Robert Köçəryan iyunun 7-də keçiriləcək parlament seçkilərində uduzacağını bildiyi üçün Ermənistan Baş naziri Nikol Paşinyanı ölümlə hədələyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü və deputatlığa namizəd Anahit Adamyan deyib.

Siyasətçi 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktını xatırladıb:

“27 Oktyabr hadisəsini yenidən təkrarlamağa çalışırlar. Samvel Karapetyan və Robert Köçəryanın zəifliyi göz qabağındadır, məhz buna görə “əzələ nümayişi” etməyə çalışırlar. Bütün bunlar iyunun 8-də bitməyəcək, seçkilərin saxtalaşdırılacağını iddia etmələri təsadüfi deyil”.

Xatırladaq ki, mayın 18-də sosial mediada Nikol Paşinyanın ölümlə hədələndiyi videogörüntü yayımlanıb. Ermənistan İstintaq Komitəsi məsələ ilə əlaqədar cinayət işi açaraq, araşdırmaya başlayıb.