BAKI, 6 noyabr. TELEQRAF

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyev Almaniyadan ölkəmizə ekstradisiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən E.Nuriyevin yeri Almaniyada müəyyən edilib və o, saxlanılıb.

E.Nuriyev 2021-ci ildə müxtəlif şəxslərə mənzillərini təmir etdirəcəyi barədə yalan vədlər verərək onların etibarından sui-istifadə etməkdə və xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq törətməkdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun sorğusu, Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər və aparılan danışıqlar nəticəsində E.Nuriyevin Azərbaycana ekstradisiyası barədə razılıq əldə edilib.

Noyabrın 6-da Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin əməkdaşları tərəfindən ölkəyə gətirilən şəxs məhkəmənin həbs qərarı əsasında müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirib.