TBİLİSİ, 1 sentyabr. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ-nin dövlət başçısı Donald Trampa açıq məktubla müraciət edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, məktubda ABŞ ilə strateji tərəfdaşlığın yenidən başlanılmasının Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib.
M.Kavelaşvili qeyd edib ki, ölkələr arasında strateji tərəfdaşlıq Bayden administrasiyasının bir sıra suveren dövlətlərə münasibətdə apardığı ədalətsiz, sərt və aqressiv siyasət çərçivəsində dayandırılıb.
“Bütün bunların fonunda bir daha təəssüflə qeyd etmək lazımdır ki, sizin administrasiyanız Gürcüstana lazımi diqqət göstərmir ki, bu da Gürcüstan cəmiyyətində təəccüb doğurur”, - məktubda deyilir.
Prezident həmçinin vurğulayıb ki, D.Tramp prezidentliyinin bir neçə ayı ərzində Gürcüstanın bütün qonşu ölkələri ilə sıx əlaqələr qurub:
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək etdiniz, Türkiyə hökuməti ilə fəal əməkdaşlıq edirsiniz, hətta Vladimir Putinlə tərəfdaşlıq münasibətlərini bərpa etmisiniz. Lakin bu fonda sizin administrasiyanız Gürcüstan haqqında heç nə demir və bu, artıq qeyd etdiyim kimi, Gürcüstan ictimaiyyətini təəccübləndirir”.
M.Kavelaşvili Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpası üçün mümkün olan hər addımı atmağa hazırlığını ifadə edib.
“Bu məqsədə nail olmaq üçün zəruri şərt sizin administrasiyanızın Gürcüstan dövləti və gürcü xalqına ədalətli və hörmətli münasibətin formalaşdırılmasıdır”, - məktubda qeyd edilib.
Xatırladaq ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Baş nazir İrakli Kobaxidze bu ilin mayında Donald Trampa və ABŞ-nin vitse-prezident Ceyms Devid Vensə açıq məktubla müraciət edib. Məktubda Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi ilə yeniləməyə hazırlığı bildirilib. Müraciətə bu günədək cavab verilməyib.