TBİLİSİ, 3 iyun. TELEQRAF
Tbilisidə müasir dəmir yolu konteyneri və yük terminalı istifadəyə verilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Tbilisi Quru Limanının rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze iştirak edib.
Onun sözlərinə görə, mühüm strateji obyekt olan liman Qafqaz bölgəsində və Mərkəzi Asiyada ticarət axınlarının gücləndirilməsində həlledici rol oynayacaq.
“Yeni liman konteynerlərin emalı, xüsusən də Çindən və Uzaq Şərqdən Orta Dəhliz vasitəsilə daşınan yüklərlə bağlı əməliyyatları əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Quru limanın strateji mövqeyi – beynəlxalq avtomagistrallara birbaşa çıxışı, yerli dəmir yolu şəbəkəsinə qoşulması, Azərbaycan və Ermənistan sərhədinə, Tbilisi beynəlxalq hava limanına yaxınlığı onu bölgədə ən səmərəli logistika mərkəzlərindən birinə çevirir”, - baş nazir deyib.
Liman layihəsi üç mərhələdə həyata keçirilir. Hazırda ilk mərhələ başa çatdırılıb və 21 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Liman artıq il ərzində təqribən 100 min konteyner emal etmək qabiliyyətinə malikdir. Layihənin tam reallaşdırılmasından sonra isə limanın yük qəbul etmə qabiliyyəti 200 min konteynerə qədər artacaq.