TBİLİSİ, 2 iyun. TELEQRAF

Gürcüstanı Türkiyə, Azərbaycan və Ermənistanla sıx strateji tərəfdaşlıq bağlayır. Türkiyə və Azərbaycan ilə tərəfdaşlıq regional strateji əhəmiyyətə malik mövcud layihələrlə daha da dərinləşir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.

Sənəddə vurğulanıb ki, hesabat dövrü həm Gürcüstandan Ermənistana, Azərbaycana və Türkiyəyə, həm də qonşu ölkələrdən Gürcüstana səfərlərin intensivliyi ilə seçilib.

Qeyd olunub ki, yüksək səviyyəli səfərlər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycanla dövlət sərhədinin delimitasiya-demarkasiyası məsələsi də müzakirə olunub.

“Hesabat dövründə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatına böyük diqqət ayrılıb. Bundan başqa, üçtərəfli format çərçivəsində parlamentlərin xarici əlaqələr komitələrinin üçtərəfli görüşləri, o cümlədən müdafiə nazirlərinin üçtərəfli görüşləri mütəmadi olaraq keçirilir”, - hesabatda deyilir.

Qeyd edək ki, İ.Kobaxdize hökumət proqramının həyata keçirilməsi üzrə illik hesabatı iyunun 27-də parlamentdə təqdim edəcək.