TBİLİSİ, 2 iyun. TELEQRAF

Gürcüstan Azərbaycan və Ermənistanın tərəflər arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına töhfə verəcək istənilən aktual məsələni müzakirə edə biləcəyi əlavə məkana çevrilməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.

Qeyd olunub ki, bu ilin aprel 17-də Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən üçtərəfli görüş də bunu təsdiqləyib. Görüşdə gələcək birgə fəaliyyət üçün bir sıra istiqamətlərin razılaşdırıldığı vurğulanıb.

Sənəddə, həmçinin bildirilib ki, Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət fonunda Gürcüstan regionda sabitliyin bərpasına və davamlı sülhün əldə olunmasına yönəlmiş balanslaşdırılmış siyasət yürütməkdə davam edib.

Qeyd edək ki, İ.Kobaxidze hökumət proqramının həyata keçirilməsi üzrə illik hesabatı iyunun 27-də parlamentdə təqdim edəcək.