BAKI, 13 may. TELEQRAF

“Avropa İttifaqından (Aİ) Ermənistanın bu quruma üzvlüyü ilə bağlı heç bir siqnal gəlməyib”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq, keçmiş səfir Avet Adonts deyib.

Onun fikrincə, Aİ-yə üzvlüklə bağlı Ermənistan parlamentində qəbul edilən qanun layihəsi səmimi addım deyil: “Bu qanunun qəbulu Avropaya meylliliyin yox, anti-Rusiya mövqeyinin təzahürüdür”.

Ermənistanın nə vaxtsa Aİ-yə üzv olmaq şansının olub-olmaması ilə bağlı suala Adonts belə cavab verib:

“Belə perspektivə sahib olmaq üçün ilk növbədə bu perspektiv referendum yolu ilə formalaşdırılmalıdır. İkincisi, bu perspektivə sahib olmaq üçün uzun bir yol qət edilməlidir, ambisiya olmalıdır. Bundan əvvəl Aİ ilə ciddi müzakirələr və danışıqlar aparılmalıdır.

İndiyədək Aİ-dən Ermənistana onun ittifaqa daxil olmaq perspektivinin olduğuna dair heç bir siqnal görməmişəm və eşitməmişəm. Əminəm ki, bu, mümkün ola bilməz. Ermənistandaxili və geosiyasi vəziyyət belə bir siqnalın Aİ tərəfindən səsləndirilməsini istisna edir. Amma Qərb bəyan edir ki, ya bizimləsən, ya da Rusiyanın yanındasan”.