TBİLİSİ, 12 aprel. TELEQRAF

“Tea Tsulukiani deyəndə ki, ölkəmiz müharibədən yayına və qəhrəmanlarımız bu gün sağ olub ailələrinin qayğısına qala bilərdi, bu sadəcə faktın konstatasiyasıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2008-ci ilin avqust müharibəsini Saakaşvili rejiminin başlatdığı hamıya məlumdur.

“Əgər Saakaşvili aldığı və yerinə yetirdiyi sifariş olmasaydı, təbii ki, nə müharibə, nə qurbanlar olardı. Tea Tsulukiani məhz buna diqqət çəkib. Hər şey tam aydın və aşkardır”, - İ.Kobaxidze söyləyib.

Qeyd edək ki, Gürcüstan parlamentində 2003-2012-ci illərdə mövcud olmuş hakimiyyətin fəaliyyətini araşdıran istintaq komissiyasının sədri Tea Tsulikiani ötən gün Birinci kanalın efirində avqust müharibəsini Mixeil Saakaşvilinin başladığını deyib.

Xatırladaq ki, 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş beş günlük müharibədə 170-i hərbçi, 14-ü hüquq-mühafizə orqanlarının əməkdaşı, 224-ü isə dinc sakin olmaqla 408 nəfər Gürcüstan vətəndaşı həlak olub, 2 232 nəfər yaralanıb, 26 min nəfər qaçqın vəziyyətinə düşüb. Müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı ilə nəticələnib.