BAKI, 25 dekabr. TELEQRAF
Qazaxıstan Nəqliyyat Nazirliyi Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Bakı-Qroznı reysini yerinə yetirən və Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer 190" təyyarəsi ilə bağlı araşdırmanın gedişatı barədə aralıq məlumat dərc edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasının 13-cü Əlavəsinin tələbləri və Qazaxıstan qanunvericiliyinə uyğun olaraq, 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Embraer 190 tipli, 4K-AZ65 bort nömrəli hava gəmisinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin ildönümü ilə əlaqədar aralıq hesabat hazırlanıb.
Aralıq hesabat qurumun rəsmi saytında dərc olunub.
Nazirlik xatırladıb ki, ICAO-nun 13-cü əlavəsinə əsasən, aviasiya hadisəsinin araşdırılmasında əsas məqsəd gələcəkdə oxşar hadisələrin qarşısının alınmasıdır və bu proses hər hansı şəxsin təqsirinin və ya məsuliyyətinin müəyyən edilməsinə yönəlməyib.
Qeyd edilib ki, komissiyanın apardığı texniki araşdırma ilə paralel olaraq, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən ayrıca cinayət istintaqı da həyata keçirilir. Bununla yanaşı, ICAO standartlarına əsasən, texniki araşdırma istənilən məhkəmə və ya inzibati icraatdan müstəqil şəkildə aparılır.
Bildirilib ki, araşdırma iştirakçıları əldə olunan məlumatlardan yalnız uçuşların təhlükəsizliyinin artırılmasına yönəlmiş korrektiv tədbirlərin görülməsi məqsədilə istifadə edə bilərlər. Araşdırma başa çatana qədər onun gedişi ilə bağlı məlumatların üçüncü şəxslərə açıqlanması qadağandır.
Araşdırmanın yekunlaşma müddətinin aparılan bütün ekspertiza və tədqiqatların tamamlanmasından asılı olduğu vurğulanıb. Hadisənin səbəbləri və ya ona təsir göstərən amillər, eləcə də uçuş təhlükəsizliyi üzrə tövsiyələr yekun hesabatda əks olunacaq.