BAKI, 31 oktyabr. TELEQRAF
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının (TDT) sammitindəki çıxışında Rusiyanın təşkilatın fəaliyyətinə cəlb olunması təklifindən daha çox diqqətçəkən bir məqam var. Bu, Qazaxıstan liderinin TDT-nin hərbi-siyasi ittifaqa çevrilməməli olduğu barədə səsləndirdiyi fikirdir”.
Teleqraf xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.
Ekspertin fikrincə, məhz burada prinsipial ziddiyyət yaranır:
“Böyük Xəzər məkanının davamlı inkişafını onun təhlükəsizliyi məsələsini həll etmədən təmin etmək mümkün deyil. Nəqliyyat dəhlizləri qurmaq, ticarəti inkişaf etdirmək, ortaq institutlar yaratmaq olar. Bəs bütün bunları kim qoruyacaq? Ən əsası, kimdən qoruyacaq?
Axı türk dövlətlərinin təhlükəsizliyi üçün əsas təhdid məhz Rusiyadır. Onun imperiya ambisiyaları, qonşularına qarşı apardığı müharibələr və keçmiş sovet respublikalarının suverenliyinə “şərti anlayış” kimi yanaşması bunu açıq şəkildə göstərir. Bu məsələdə Tokayevi aşkar olanı anlamamaqda ittiham etmək istəmirəm. Əksinə, ümid etmək istərdim ki, onun təklifləri Astananın Moskva ilə münasibətləri nəzərə almaq məcburiyyətindən irəli gələn diplomatik gedişlərdən başqa bir şey deyil. Həm də təsəvvür etmək çətindir ki, Daşkənd, Bakı və Ankara Rusiyanın TDT-də iştirakına razılıq versin. Amma əsas sual yenə də açıq qalır: öz təhlükəsizlik mexanizmlərini yaratmadan türk dünyasının təhlükəsizliyini necə təmin etmək olar?”.