BAKI, 31 oktyabr. TELEQRAF
Ukrayna Rusiyanın Ufa şəhərində neft emalı zavodlarının yerləşdiyi sənaye zonasına dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Gecə saatlarında Başqırdıstan Respublikasında dron hücumu təhlükəsi elan edilib. Təxminən bir saat sonra bölgədə partlayış səsləri eşidilib.
Məlumata görə, hücumdan sonra “Başneft-Novoil” neft emalı zavodunda yanğın baş verib.
Başqırdıstanın paytaxtı Ufa Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.
“Başneft-Novoil” Rusiyanın ən böyük neft emalı komplekslərindən biri olan Ufa neft emalı kompleksinin tərkibinə daxildir. Kompleks “Rosneft” şirkətinə məxsus “Başneft”in üç zavodundan ibarətdir. Bunlar “Başneft-Ufaneftexim”, “Başneft-Novoil” və “Başneft-UNPZ” müəssisələridir. Hər üç zavod şəhərin Şimal sənaye zonasında, bir-birinə bitişik ərazidə yerləşir.
Müəssisələr birlikdə ildə 23,5 milyon tona qədər xammal emal etmək gücünə malikdir. Kompleksdə “Avro-6” standartına uyğun benzin, dizel yanacağı, aviasiya kerosini və sənaye yağları istehsal olunur.