BAKI, 3 noyabr. TELEQRAF
“Avtonom sistemlərdən və süni intellektdən (Sİ) hərbi məqsədlər üçün istifadə, eləcə də kiberhücumlar və dezinformasiyanın yayılması xüsusi narahatlıq doğurur. Bu problemlə bağlı ölkələrin vahid yanaşma formalaşdırmasına ehtiyac var”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev deyib.
“Avrasiya təhlükəsizliyinə də təsir göstərən müasir təhlükəsizliyin digər mühüm istiqaməti qabaqcıl texnologiyaların inkişafıdır. Süni intellekt, avtonom və pilotsuz sistemlər, rəqəmsal infrastruktur və kiberməkan geniş imkanlar açmaqla yanaşı, hamımızın etiraf etdiyi kimi, yeni çağırışlar da yaradır. Texnologiyaların hərbi məqsədlərlə istifadəsi, kritik infrastruktur obyektlərinə qarşı kiberhücumlar və dezinformasiyanın yayılması xüsusi narahatlıq doğurur”, - o bildirib.
Diplomat əlavə edib ki, bu texnologiyaların məsuliyyətli tətbiqi beynəlxalq əməkdaşlıq və ümumi yanaşmaların formalaşdırılmasını tələb edir:
“Qazaxıstan milli süni intellekt ekosistemini ardıcıl şəkildə inkişaf etdirir, təhlükəsiz rəqəmsal məkanın yaradılmasını, dövlətlərin kiberməkanda məsuliyyətli davranışını, rəqəmsal uçurumun azaldılmasını və texnoloji tərəqqinin üstünlüklərindən bərabər istifadənin təmin olunmasını dəstəkləyir”.