BAKI, 5 noyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Nazirlər Kabinetinə bir ay ərzində ölkədə enerji içkilərinin istehsalının və idxalının qadağan edilməsi məsələsinə baxmağı tapşırıb. Hökumət altı ay ərzində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görməlidir.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə vətəndaşlara müraciətində bildirib.
Sadır Japarovun sözlərinə görə, bu qərar enerji içkilərinin istehlakının əhalinin sağlamlığına təsiri ilə bağlı narahatlıqlardan qaynaqlanır. O qeyd edib ki, bu məsələni vətəndaşlar və Joqorku Keneşin deputatları da qaldırıblar.
Prezident ölkədə enerji içkilərinin istehlakına dair statistik məlumatları açıqlayıb. 2025-ci ildə Qırğızıstan sakinləri 54 milyon 199 min litr enerji içkisi, yəni təxminən 129 milyon banka istehlak ediblər.
2026-cı ilin ilk altı ayında isə istehlak 36 milyon 83 min litr və ya təxminən 85,9 milyon banka təşkil edib.
Ötən il Qırğızıstanda 25 milyon 263 min litr belə içki istehsal olunub. Daha 28 milyon 430 min litr Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən, 1 milyon 239 min litr isə digər dövlətlərdən idxal edilib.
Sadır Japarov mümkün qadağanın iqtisadi nəticələrinə də diqqət çəkib. Onun hesablamalarına görə, qadağa nəticəsində büdcə birbaşa və dolayı vergilərdən təxminən 1,5 milyard som gəlir itirə bilər.
Sahədən vergi və gömrük daxilolmaları 2025-ci ildə 1 milyard 104 milyon 100 min som, 2026-cı ilin ilk altı ayında isə 996 milyon 710 min som təşkil edib.
“Millətin, vətəndaşların və gələcək nəsillərin sağlamlığı pulla ölçülməməlidir”, - dövlət başçısı bildirib.
O vurğulayıb ki, xəstəliklərin qarşısının alınmasını onların nəticələri ilə mübarizədən daha vacib hesab edir və tibbi mütəxəssislərin enerji içkilərinin həddindən artıq istehlakının riskləri barədə xəbərdarlıqlarının nəzərə alınmasına çağırıb.