BAKI, 10 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrinə iqlim və texnogen fövqəladə halların proqnozlaşdırılması üçün regional mərkəz yaratmağı təklif edib.

Teleqraf xəbər verir ki, o, bu barədə MDB-nin Düşənbədə keçirilən sammitində bildirib.

“İqlim və texnogen xarakterli fövqəladə halların proqnozlaşdırılması üzrə regional mərkəzi yaratmaqla səylərimizi birləşdirməyi təklif edirik. Xəzər dənizinin sürətlə dayazlaşması ciddi narahatlıq doğurur. Əslində bu, artıq regional deyil, qlobal problemdir. Ona görə də Xəzərin su ehtiyatlarının mühafizəsi üzrə dövlətlərarası proqrama qoşulmağı təklif edirik”, - dövlət başçısı vurğulayıb.

O əlavə edib ki, belə mühüm sənədin hazırlanmasında Xəzəryanı ölkələrlə yanaşı, bütün maraqlı dövlətlər və beynəlxalq təşkilatlar da iştirak edə bilər.

Qazaxıstan Prezidenti ekoloji təhdidlər, təbii fəlakətlər və texnogen fəlakətləri MDB ölkələrinin davamlı inkişafı üçün ciddi risklər kimi müəyyən edib. Bu çağırışları nəzərə alaraq, Tokayev bu cür böhranların erkən aşkarlanması və qarşısının alınması üçün effektiv vasitələrdən istifadə etməyi həlledici hesab edir.