BAKI, 19 sentyabr. TELEQRAF
CNN, MS NOW telekanallarının və “Politico” qəzetinin müxbirləri, eləcə də texniki əməkdaşları sentyabrın 19-dan Ağ Evə buraxılmayacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” Ağ Evin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, adıçəkilən media qurumlarının rəhbərliklərinə sentyabrın 18-də qərarla bağlı məlumat veriləcək və onların əməkdaşları sentyabrın 19-dan ABŞ prezidentinin Vaşinqtondakı iqamətgah kompleksinə daxil ola bilməyəcəklər.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl CNN, MS NOW və “Politico”nun Ağ Evə girişinin qadağan ediləcəyini açıqlamışdı. Tramp qərarını həmin media qurumlarının administrasiyasının fəaliyyəti barədə, onun sözlərinə görə, yalan məlumatlar yayması ilə əsaslandırıb.
ABŞ lideri qadağanın gələcəkdə ləğv edilə və ya digər media qurumlarına da şamil oluna biləcəyini bildirib. Tramp məhkəmənin bu məhdudiyyətləri ləğv edə biləcəyini də istisna etməyib.