BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Danimarka Krallığı və Qrenlandiya ilə adanın təhlükəsizliyinə dair razılaşma əldə etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, razılaşma Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi və digər ehtiyacları üzərində daimi nəzarət imkanı verir.

“ABŞ-nin Danimarka Krallığı və Qrenlandiya ilə razılaşma əldə etdiyini məmnuniyyətlə bildirirəm. Bu razılaşmaya əsasən, ABŞ Qrenlandiyanın təhlükəsizliyi və digər ehtiyacları üzərində daimi nəzarət əldə edir”, – Tramp bildirib.

O əlavə edib ki, razılaşmanın həyata keçirilməsi ABŞ-yə əlavə maliyyə vəsaiti hesabına başa gəlməyəcək. Trampın sözlərinə görə, Vaşinqton Qrenlandiyanın və ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi üçün adada zəruri tədbirlər görmək imkanına malik olacaq.

Reuters də Trampın ABŞ, Danimarka və Qrenlandiya arasında belə bir razılaşmanın əldə edildiyini açıqladığını təsdiqləyib.