BAKI, 16 sentyabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni qəbul edib.

Teleqraf C-SPAN telekanalına istinadən xəbər verir ki, sənədin lehinə 220, əleyhinə isə 204 konqresmen səs verib. Yeddi respublikaçı da qətnaməni dəstəkləyib.

Massaçusets ştatından demokrat konqresmen Set Moltonun təqdim etdiyi qətnamə ABŞ Silahlı Qüvvələrinin İranla hərbi əməliyyatlardan çıxarılmasını nəzərdə tutur.

Sənəd tövsiyə xarakteri daşıyır və Tramp administrasiyasını hüquqi baxımdan hərbi əməliyyatları dayandırmağa məcbur etmir.

Qətnamənin Senatda müzakirəyə çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil. Nümayəndələr Palatasının iyulda qəbul etdiyi analoji sənəd də indiyədək Senatda irəliləməyib.