BAKI, 19 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəzi media qurumlarının Ağ Evə girişinə qoyulan qadağanın digər KİV-lərə də şamil oluna biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
CNN, MS NOW telekanalları və “Politico” nəşrinin Ağ Evə girişinin qadağan edilməsinin səbəbi barədə suala cavab verən Tramp həmin media qurumlarının yaydığı məlumatlardan narazı olduğunu bildirib.
“Mən yalançı KİV-ləri oxumaqdan çox yorulmuşam. Bizdə çoxlu media qurumu var və digərləri də onların ardınca gedə bilər”, – ABŞ Prezidenti deyib.
Tramp, həmçinin sözügedən media qurumlarının mövqelərini dəyişə biləcəyini istisna etməyib.
Qeyd edək ki, Tramp daha əvvəl CNN, MS NOW və “Politico”nun Ağ Evə girişinin dərhal qüvvəyə minməklə qadağan edildiyini açıqlamışdı.