BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində süni intellektə (Sİ) həsr olunmuş yüksək səviyyəli tədbir keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə ölkənin nümayəndələrinin qatılacağı görüşdə ABŞ ilə süni intellekt sahəsində tərəfdaşlıq imkanları müzakirə ediləcək. Tərəflər Sİ-nin geniş tətbiqi üçün siyasi, hüquqi və tənzimləyici şərtləri, o cümlədən ifadə azadlığı məsələlərini nəzərdən keçirəcəklər.

Tədbirə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts, dövlət katibinin iqtisadi artım, enerji və ətraf mühit üzrə müavini Ceykob Helberq və dövlət katibinin ictimai diplomatiya üzrə müavini Sara Rocers rəhbərlik edəcəklər.

CNN-in məlumatına görə, həmin gün BMT Təhlükəsizlik Şurasında süni intellekt və təhlükəsizlik məsələlərinə həsr olunan iclasın keçirilməsi də nəzərdə tutulur. “OpenAI” nümayəndəsi telekanala şirkətin baş direktoru Sem Altmanın Təhlükəsizlik Şurası üzvləri qarşısında çıxış etməsinin planlaşdırıldığını bildirib.