BAKI, 17 sentyabr. TELEQRAF

“ABŞ Silahlı Qüvvələri rəqiblərlə təkcə Yer kürəsində deyil, həm də Ayətrafı kosmosda qarşıdurmaya hazır olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib.

“Bizim missiyamız elə indi uyğunlaşmaqdır, Birləşmiş Qüvvələr dənizlərin dibindən Ayətrafı kosmosa qədər qlobal qarşıdurma meydanlarında döyüşməyə, müqavimət göstərməyə və qalib gəlməyə hazır olmalıdır”, - o, bildirib.

Keyn qeyd edib ki, Kosmik Qüvvələr döyüş gücünü artırmalıdır. Generalın sözlərinə görə, ABŞ hazırda kosmik hədəflərə qarşı mübarizə sistemlərini inanılmaz sürətlə yaradan və inkişaf etdirən real və qətiyyətli rəqiblərlə qarşı-qarşıyadır: “Kosmik Qüvvələrin sərəncamında kosmosdan həyata keçirilən hücumlardan müdafiə üçün orbital silahlar var”.

Den Keyn əlavə edib ki, Kosmik Qüvvələr ilin əvvəlində kosmosdan gələn təhdidlərə reaksiyanı sınaqdan keçirib və sistemləri işə salmaq və orbitdəki təhlükəyə cəmi 17 saat ərzində, tələb olunduğu anda cavab vermək qabiliyyətini nümayiş etdirib: “Əgər rəqib ABŞ Kosmik Qüvvələrini hədəfə alarsa, bizim operativ şəkildə cavab vermək imkanımız var. Daha da sürətli olmaq üçün çalışmağa davam edəcəyik”.

“Defense One” ABŞ ordusunun Baş Qərargah rəisinin açıqlamasını “Ayda müharibəyə hazırlıq çağırışı” kimi şərh edib. Ayətrafı kosmosun müəyyənləşdirilməsi məsələsi mübahisəlidir. ABŞ qanunlarında bu məkan “Yerdən Ayın ətrafına qədər, Ayın səthinin özü də daxil olmaqla, kosmos sahəsi” kimi müəyyən olunub. Ağ Evin müvafiq sənədlərindən birində bu məkanın Ayın səthini də əhatə etdiyi bildirilir.